İrandan Azərbaycana PUA ilə atılmış narkotiklə əlaqədar iki nəfər saxlanılıb

Agah.az xəbər verir ki, Dövlət Sərhəd Xidməti (DSX) İrandan Azərbaycana pilotsuz uçuş aparatı (PUA) ilə atılmış narkotik vasitəni götürmək istəyən iki şəxsin saxlanıldığını açıqlayıb. DSX-nin məlumatına görə, hadisə Lənkəran sərhəd dəstəsinin xidmət ərazisində baş verib.
Sərhəd naryadı, sərhəd xəttinə yaxın ərazidə PUA səsi eşidib və bir müddət sonra avtomobillə həmin istiqamətdə hərəkət edən iki naməlum şəxs müşahidə olunub. Sərhəd zastavası dərhal əməliyyata başlayıb və xidməti ərazini bağlayıb. Keçirilən sərhəd axtarışı və əməliyyat nəticəsində Abşeron rayonunun Saray qəsəbə sakinləri olan Qurbanov İlqar Nuhbala oğlu və Məhərrəmov Nemət Mollağa oğlu şübhəli şəxs qismində saxlanılıb.
Saxlanılan şəxslərin nəqliyyat vasitəsinə baxış keçirilərkən ümumi çəkisi 6 kiloqram 354 qram olan marixuana aşkar edilib və götürülüb. İlkin dindirilmə zamanı saxlanılan şəxslər, narkotik vasitəni İran ərazisindən PUA ilə atılmaq məqsədilə əldə etməyə çalışdıqlarını etiraf ediblər.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.