Banklar 4 milyarda yaxın faiz gəliri əldə edib

Banklar 4 milyarda yaxın faiz gəliri əldə edib
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, 2024-cü ilin sonuna ölkə banklarının faiz və digər gəlirlərdən əldə etdiyi vəsait 500 milyon manat artaraq 3 milyard 969.8 milyon manata çatıb. Bu göstərici 2023-cü ilin sonunda 3 milyard 492.9 milyon manat idi.

Eyni zamanda, bankların faiz və qeyri-faiz xərcləri də 800 milyon manatdan çox artıb. 2024-cü ilin yekunlarına görə, faiz xərcləri 1 milyard 214.7 milyon manat, qeyri-faiz xərcləri isə 2 milyard 772.6 milyon manat olub.

Depozitlərdə də artım müşahidə olunub. Fiziki şəxslərin depozitləri 12 milyard 582.2 milyon manatdan 14 milyard 299.1 milyon manata, hüquqi şəxslərin depozitləri isə 21 milyard 967.9 milyon manatdan 23 milyard 397.5 milyon manata yüksəlib.

Öhdəliklərdə 3 milyard manatdan çox artım qeydə alınıb və ümumi məbləğ 46 milyard 383 milyon manata çatıb. Bundan əlavə, ötən il biznes kreditlərinin həcmi 2 milyard manat artaraq 14 milyard 787.2 milyon manata yüksəlib.

Nağd vəsaitlər də 140 milyon manatdan çox artımla 2 milyard 19.4 milyon manata çatıb. Lakin xalis mənfəətdə azalma olub. 2023-cü ildə 1 milyard 76.4 milyon manat mənfəət əldə edən banklar 2024-cü ildə 1 milyard 44.3 milyon manat mənfəət əldə ediblər.

Açar sözlər: bank sektoru, faiz gəlirləri, depozit artımı, biznes kreditləri, maliyyə göstəriciləri, xalis mənfəət.

Dostuna göndər xəbərdən agah olsun: