Gürcüstan Azərbaycana Axtarışda Olan Şəxsi Təslim Etdi

Agah.az xəbər verir ki, Baş Prokurorluğun vəsatəti əsasında Gürcüstanın səlahiyyətli orqanları Azərbaycan vətəndaşı Ramil Məmmədovun ekstradisiyası haqqında qərar qəbul edib. Bu proses “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 22 yanvar 1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq həyata keçirilib.
Bakı şəhəri Xəzər rayon prokurorluğunda aparılan istintaq çərçivəsində Ramil Məmmədovun Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunduğu müəyyən edilib. Buna görə də o, təqsirləndirilən şəxs qismində tanınaraq beynəlxalq axtarışa verilmişdi.
Gürcüstan ərazisində saxlanılan Ramil Məmmədov bu gün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.