Sumqayıt Kimya Sənaye Parkında Yeni Müəssisələr Fəaliyyətə Başlayacaq

Agah.az xəbər verir ki, bu il Sumqayıt Kimya Sənaye Parkında 5-dən çox yeni müəssisənin fəaliyyətə başlaması planlaşdırılır.
Bu barədə İqtisadiyyat Nazirliyinin yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin mətbuat katibi Elçin Kazımov məlumat verib. Onun sözlərinə görə, yeni müəssisələr elektrik mühərrikli avtobuslar, müxtəlif tonnajlı yük avtomobilləri, tikinti kimyəviləri, inşaat materialları və aqro-sənaye məhsullarının qablaşdırılması üçün karton kağız istehsal edəcək.
Bundan əlavə, 2015-2024-cü illər ərzində Sənaye Parkında ümumilikdə 13,2 milyard manatlıq məhsul istehsal olunub. 2016-2024-cü illər ərzində isə 4,6 milyard manatlıq məhsul 70-dən çox ölkəyə ixrac edilib. Parka sahibkarlar tərəfindən 5,5 milyard manatdan çox investisiya yatırılıb və 6400-dən çox daimi iş yeri yaradılıb.
Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkı ölkə Prezidentinin 21 dekabr 2011-ci il tarixli fərmanı ilə yaradılıb və 613 hektar ərazini əhatə edir.