Bakıda avtobusların sayı 2500-ə çatdırılacaq

Agah.az xəbər verir ki, Bakı şəhərində və ətraf ərazilərdə istismar olunan avtobusların sayının 2500-ə çatdırılması planlaşdırılır.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İctimai nəqliyyat şöbəsinin müdiri Emin Məcidovun sözlərinə görə, sərnişindaşıma xidmətinin keyfiyyətini artırmaq məqsədilə avtobus parkının yenilənməsi və nəqliyyat vasitələrinin artırılması mərhələli şəkildə davam edir.
COP29 konfransı ərəfəsində ölkəyə gətirilmiş 160 ədəd müasir elektrikli avtobus artıq paytaxtda istismara verilib. Bundan başqa, özəl daşıyıcılar tərəfindən ötən il 60-dan çox ekoloji təmiz avtobus alınıb, bu il isə əlavə 200 yeni avtobusun gətirilməsi planlaşdırılır.
Ötən il 200 avtobus təmir edilərək yenidən istismara qaytarılıb və hazırda Bakı və ətraf ərazilərdə 2160 avtobus fəaliyyət göstərir. Yaxın gələcəkdə bu rəqəmin 2500-ə çatdırılması nəzərdə tutulur. Avtobus parkının yenilənməsi prosesinin ölkənin digər bölgələrini də əhatə edəcəyi bildirilib.