İki internat məktəbində ciddi nöqsanlar aşkarlanıb

Agah.az xəbər verir ki, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyevanın Milli Preventiv Qrupunun üzvləri Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən E.Quliyev adına 9 nömrəli və E.Mirzəyev adına 6 nömrəli xüsusi internat məktəblərində ciddi nöqsanlar aşkarlayıb.
Planlı başçəkmə zamanı müəssisələrin yataqxana, yeməkxana, tibb məntəqəsi, sinif otaqları və inzibati bölmələri yoxlanılıb. Araşdırmalar nəticəsində uşaqların asudə vaxtının təşkili, qidalanma, içməli su təminatı və sənədləşmə işlərində çatışmazlıqlar müəyyən edilib. 6 nömrəli internat məktəbində bəzi dərman preparatlarının istifadə müddətinin bitdiyi və işıqlandırmanın normalara cavab vermədiyi, 9 nömrəli internat məktəbində isə bəzi ərzaq məhsullarının yararlılıq müddətinin keçdiyi aşkarlanıb.
Qanunvericiliyin və beynəlxalq tələblərin tələbləri rəhbərliyə izah olunaraq, saxlanma şəraitinin və sənədləşmənin təkmilləşdirilməsi üçün müvafiq tövsiyələr verilib. Məlumatda qeyd edilir ki, aşkar olunan nöqsanların aradan qaldırılması üçün Elm və Təhsil Nazirliyinə müraciət ediləcək.