DİM bu gün ölkə üzrə sınaq imtahanı keçirir

DİM bu gün ölkə üzrə sınaq imtahanı keçirir
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, bu gün Dövlət İmtahan Mərkəzi (DİM) I, II, III və IV ixtisas qrupları üzrə sınaq imtahanı təşkil edir.

Sınaq imtahanında abituriyentlərə ali təhsil müəssisələrinə qəbul imtahanının II mərhələsinin modelinə uyğun test tapşırıqları təqdim olunacaq. İmtahana yazılış internet vasitəsilə aparılıb və ümumilikdə 3698 abituriyent qeydiyyatdan keçib.

İmtahan Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəmkir, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində, ümumilikdə 21 binada keçiriləcək. Bütün binalarda imtahan saat 11:00-da başlanacaq, binaya buraxılış isə 10:45-də başa çatacaq. Gecikən iştirakçılar imtahana buraxılmayacaqlar.

İmtahanın müddəti 3 saatdır. Yazılı cavab tələb olunan tapşırıqlar “cavab vərəqi”nə, qapalı tipli testlər isə “cavab kartı”na qeyd ediləcək. İmtahanın sonunda cavab vərəqləri və cavab kartları toplanacaq, lakin sual kitabçalarını aparmağa icazə veriləcək.

İmtahanın idarə olunması üçün 43 imtahan rəhbəri, 327 nəzarətçi, 21 ümumi imtahan rəhbəri və 42 buraxılış rejimi əməkdaşı ayrılıb.

Abituriyentlər imtahana yalnız şəxsiyyət vəsiqəsinin əsli və “İmtahana buraxılış vərəqəsi” ilə buraxılacaq. Uyğunsuz sənədlərlə gələn və ya şəxsiyyət vəsiqəsinin surəti ilə iştirak etməyə çalışan şəxslər imtahana buraxılmayacaq.

Dostuna göndər xəbərdən agah olsun: