İstehlakçıların aldadılması ilə bağlı inzibati cərimələr açıqlanıb

Agah.az xəbər verir ki, Azərbaycanda istehlakçıların malın ölçüsü, çəkisi və qiymətinə dair aldadılması halları müxtəlif formalarda baş verir.
Bu barədə Dövlət Xidmətinin İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı Lənkəranda “İstehlakçı hüquqları” mövzusunda keçirilən təlimdə bildirib.
Onun sözlərinə görə, mağazalarda kassada malın vitrində göstərilən qiymətdən baha satılması, restoran və kafelərdə menyuda qeyd ediləndən artıq ödəniş tələb olunması, çəkisi ilə satılan məhsulların faktiki çəkisinin göstəriləndən az olması kimi hallar istehlakçı hüquqlarının pozulmasıdır.
Sahibkarlar təklif etdikləri mal və xidmətlərin qiymətləri barədə müştərilərə dəqiq məlumat verməlidirlər. Bütün malların üzərində ad, növ, qiymət və istehsal tarixi göstərilməli, çəkisi ilə satılan məhsulların dəqiqliyini yoxlamaq üçün mağazalarda standartlara uyğun nəzarət ölçü vasitələri olmalıdır.
Y. Tapdıqlı bildirib ki, malın üzərində göstərilən qiymətdən fərqli məbləğin tələb edilməsi qanun pozuntusudur və İnzibati Xətalar Məcəlləsinə əsasən cərimələr nəzərdə tutulub.
- Fiziki şəxslər – 350-500 manat
- Vəzifəli şəxslər – 1 500-2 000 manat
- Hüquqi şəxslər – 4 000-6 000 manat
Qeyd olunub ki, istehlakçının aldadılması 5 000 manatdan artıq məbləğ təşkil edərsə, bu artıq cinayət məsuliyyəti yaradır.