Keçmiş diplomat Emin İbrahimovun məhkəmə prosesi davam edir

Agah.az xəbər verir ki, Bakıda bir nəfəri bıçaqlamaqda ittiham olunan keçmiş diplomat Emin İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən iclasda məhkəmə istintaqı başa çatıb. Prokuror çıxış edərək Emin İbrahimovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib. Vəkil isə müdafiə çıxışı üçün əlavə vaxt istəyib. Prosesin növbəti iclası aprelin 11-nə təyin olunub.
İttihama əsasən, hadisə 2024-cü ildə Bakının Nizami rayonunda baş verib. Emin İbrahimov yolda hərəkətdə olarkən Kamal Şükürovla çiyin-çiyinə toxunduğuna görə tərəflər arasında mübahisə yaranıb. Dartışma zamanı E.İbrahimov üzərində olan bıçaqla K.Şükürovu qarın nahiyəsindən bıçaqlayıb.
Sabiq diplomat ittihamları qəbul etməyərək özünü təqsirli bilmədiyini deyib. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3 (silah və ya silah qismində istifadə edilən əşyalardan istifadə etməklə xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, Emin İbrahimov 2007-2020-ci illərdə diplomatik xidmətdə olub. O, Azərbaycanın ABŞ və Uruqvaydakı diplomatik nümayəndəliklərində fəaliyyət göstərib.