Baş nazir Əli Əsədov Belarusun yeni Baş nazirini təbrik edib

Agah.az xəbər verir ki, Azərbaycanın Baş naziri Əli Əsədov Aleksandr Turçini Belarusun Baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.
Nazirlər Kabinetinin yaydığı məlumata görə, Ə. Əsədov təbrik müraciətində Azərbaycan və Belarus arasında dostluq, qarşılıqlı hörmət və etimad əsasında qurulan, daim genişlənən və dərinləşən tərəfdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayıb.
O, iki ölkə arasında fəal siyasi dialoqun, intensiv təmasların və ikitərəfli, eləcə də çoxtərəfli formatlarda sıx əməkdaşlığın xüsusi məmnunluq doğurduğunu qeyd edib.
Baş nazir, həmçinin Azərbaycan və Belarus prezidentlərinin müəyyənləşdirdiyi qarşılıqlı faydalı əməkdaşlıq istiqamətində birgə fəal işləməyə hazır olduğunu bildirib.