İqtisadi Şuranın növbəti iclası keçirilib

Agah.az xəbər verir ki, İqtisadi Şuranın sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə növbəti iclas keçirilib.
İclasda aqrar sığorta sisteminin təkmilləşdirilməsi və yeni konsepsiyanın hazırlanması, makroiqtisadi və maliyyə sabitliyi sahəsində cari vəziyyət və siyasət istiqamətləri, 2024-cü ildə pul siyasətinin əsas nəticələri, bank və sığorta sektorundakı göstəricilər, həmçinin “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Böyük Qayıdışa dair I Dövlət Proqramı” üzrə monitorinq və qiymətləndirmə nəticələri müzakirə edilib.
Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov, Mərkəzi Bankın sədri Taleh Kazımov, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı və kənd təsərrüfatı naziri Məcnun Məmmədov müvafiq sahələr üzrə çıxış ediblər.
İclasın yekununda İqtisadi Şura üzvlərinin təklifləri nəzərə alınaraq müvafiq qərarlar qəbul edilib və aidiyyəti qurumlara tapşırıqlar verilib.