Bakıda qanunsuz ağackəsmə faktları araşdırılır

Agah.az xəbər verir ki, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi Bakı şəhərinin beş rayonunda qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparıb.
Məlumata görə, Xətai rayonunun Afiyəddin Cəlilov küçəsində yaşıllıqlar məhv edilərək qanunsuz parklanma yeri yaradılıb, torpağın münbit qatı örtülüb və piyada yolu dəyişdirilib. Bu qanunsuzluqların aradan qaldırılması üçün aidiyyəti qurumlara təqdimatlar verilib.
Bundan əlavə, Nərimanov, Yasamal, Nizami və Sabunçu rayonlarında meşə fonduna daxil olmayan 83 ağac və kolun qanunsuz kəsilməsi nəticəsində təbiətə 60 min manatdan çox ziyan dəydiyi müəyyən edilib.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb və ibtidai istintaqın aparılması üçün aidiyyəti qurumlara göndərilib.