Taksi sürücüləri üçün sertifikat imtahanı aprelin 17-də keçiriləcək

Agah.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi (DİM) taksi minik avtomobili sürücüləri üçün xüsusi hazırlıq imtahanı keçirəcək. Şəhadətnamə almaq istəyən sürücülər üçün nəzərdə tutulan imtahan aprelin 17-də baş tutacaq.
İmtahanda iştirak etmək istəyənlər martın 10-u saat 14:00-dan martın 30-u saat 18:00-dək DİM-in rəsmi saytında (https://ekabinet.dim.gov.az/) qeydiyyatdan keçməlidirlər.
İmtahan ödənişlidir və iştirak haqqı 35 AZN təşkil edir. Namizədlər şəxsi kabinetlərinə daxil olaraq ödənişi etməlidirlər. Qeydiyyatdan keçib imtahana gəlməyən şəxslərə ödəniş geri qaytarılmır.
Test imtahanı DİM-in Bakıdakı elektron imtahanlar korpusunda və Gəncə Regional Bölməsində kompüter vasitəsilə keçiriləcək. Namizədlər imtahana üç gün qalmış buraxılış vərəqələrini çap edə biləcəklər.
İmtahan 1 saat davam edəcək və 20 test tapşırığından ibarət olacaq. Namizədlər sürücülərin etik davranışı və sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlar üzrə biliklərini yoxlayacaqlar. 10 və daha çox bal toplayan iştirakçılar imtahanı uğurla keçmiş sayılacaq və onlara 7 il müddətinə etibarlı şəhadətnamə təqdim olunacaq.