DİM bu gün 11-ci siniflər üçün buraxılış imtahanı keçirir

Agah.az xəbər verir ki, bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirəcək.
İmtahanda 58 min 732 şagirdin iştirakı nəzərdə tutulur. İmtahan Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Naxçıvan MR, eləcə də 30-dan çox rayon və şəhərdə təşkil olunacaq. Həmçinin internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər, tədrisi gürcü dilində olan məktəblər, H.Əliyev və C.Naxçıvanski adına hərbi liseylərin şagirdləri də bu gün imtahan verəcəklər.
İmtahan saat 11:00-da başlanır və buraxılış rejimi 10:45-də başa çatır. Şagirdlər imtahan binasına yalnız buraxılış vərəqəsində qeyd olunan vaxtda buraxılırlar.
İmtahana aşağıdakı sənədlərin gətirilməsi vacibdir:
- İmtahana buraxılış vərəqəsi;
- Şəxsiyyəti təsdiq edən sənədin əsli (şəxsiyyət vəsiqəsi, icazə vəsiqəsi və ya müvafiq arayış).
İmtahanlar 255 binada təşkil olunub, 4 430 imtahan zalı ayrılıb. Prosesi idarə etmək üçün 6 mindən çox nəzarətçi və əməkdaş cəlb olunub. Sağlamlıq imkanları məhdud 70 nəfər şagirdin rahat imtahan verməsi üçün xüsusi zallar ayrılıb və fərdi nəzarətçilər təyin edilib.
İmtahan binalarında təhlükəsizlik tədbirləri gücləndirilib, binalar möhürlənərək Daxili İşlər Nazirliyinin əməkdaşlarının mühafizəsinə verilib.