Nəsimi Rayon Su Kanal İdarəsinin əməkdaşlarından özbaşınalıq – Avtoyuma məntəqəsinə təzyiq

Agah.az xəbər verir ki, Nəsimi Rayon Su Kanal İdarəsinin bir qrup əməkdaşı paytaxt ərazisində fəaliyyət göstərən avtoyuma məntəqəsinə gəlib və heç bir rəsmi sənəd təqdim etmədən obyektin suyunun dayandırılacağını bildiriblər.
Məntəqə sahiblərinin sözlərinə görə, həmin şəxslər özlərini “Azərsu” ASC-nin nümayəndələri kimi təqdim edərək, hər hansı hüquqi əsas olmadan suyun kəsiləcəyini deyiblər. Onlar obyekt rəhbərliyinə “biz belə istəyirik” ifadəsi ilə təzyiq göstəriblər.
Bu cür özbaşınalıq və qanunsuz müdaxilə sahibkarlıq fəaliyyətinə mane olmaqla yanaşı, su təsərrüfatına nəzarət edən dövlət qurumlarının fəaliyyətinə də kölgə salır. Obyekt sahibləri məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarına müraciət etməyə hazırlaşırlar.
Qanunvericiliyə əsasən, hər hansı obyektin su təminatının dayandırılması yalnız rəsmi bildiriş və əsaslı səbəblər çərçivəsində həyata keçirilə bilər. Sahibkarlar bu cür qanunsuz müdaxilələrin qarşısının alınması üçün müvafiq qurumlardan tədbir görülməsini tələb edirlər.