Martın 9-da 11-ci siniflər üçün buraxılış imtahanı keçiriləcək

Martın 9-da 11-ci siniflər üçün buraxılış imtahanı keçiriləcək
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi (DİM) martın 9-da tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirəcək. Bu imtahanda 58 min 732 şagirdin iştirakı nəzərdə tutulur.

Həmin gün imtahanlar Bakı şəhərinin Qaradağ, Binəqədi, Xətai, Suraxanı, Pirallahı, Yasamal, Abşeron (II hissə), Sumqayıt (II hissə), Naxçıvan MR, Gəncə (II hissə), Mingəçevir, Samux, Göygöl, Daşkəsən, Ağstafa, Qazax, Tovuz, Sabirabad, Saatlı, İmişli, Biləsuvar, Ucar, İsmayıllı, Ağsu, Zərdab, Masallı, Astara, Lerik, Ağcabədi, Beyləqan, Füzuli, Qax, Balakən, Zaqatala, Quba, Xızı, Qusar, Zəngilan (Ağalı kənd tam orta məktəbi) və Cəbrayıl (M. Mehdizadə adına məktəb) rayonlarında təşkil ediləcək.

Bundan əlavə, həmin gün Bakı şəhərində xüsusi məktəblərin (internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər), tədrisi gürcü dilində olan məktəblərin, Heydər Əliyev və Cəmşid Naxçıvanski adına hərbi liseylərinin şagirdləri də buraxılış imtahanı verəcəklər.

İmtahan saat 11:00-da başlayacaq, lakin iştirakçılar 10:45-ə qədər imtahan binasına daxil olmalıdırlar. Bu saatdan sonra gələnlər imtahana buraxılmayacaq. Şagirdlərin rahat şəkildə binaya daxil olması üçün fərqli gəlmə vaxtları müəyyən edilib və bu, onların buraxılış vərəqəsində göstərilib.

İmtahana buraxılış üçün tələb olunan sənədlər:

  • İmtahana buraxılış vərəqəsi
  • Şəxsiyyəti təsdiq edən sənəd (Azərbaycan vətəndaşları üçün şəxsiyyət vəsiqəsi, əcnəbilər üçün müvafiq icazə sənədləri)
  • Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar üçün fotoşəkilli arayış

Şagirdlər buraxılış vərəqəsini DİM-in saytından fevralın 26-dan etibarən çap edə bilərlər.

İmtahan keçiriləcək şəhər və rayonlarda ümumilikdə 255 imtahan binası, 4 430 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 255 ümumi imtahan rəhbəri, 721 imtahan rəhbəri, 5 523 nəzarətçi, 773 buraxılış rejimi əməkdaşı və 255 bina nümayəndəsi cəlb olunub.

Buraxılış imtahanında sağlamlıq imkanları məhdud 70 şagirdin iştirakı da nəzərdə tutulub. Onların rahat imtahan verməsi üçün xüsusi zallar ayrılıb, gözdən əlil şagirdlər üçün fərdi nəzarətçilər təyin edilib, hərəkət məhdudiyyətli şəxslər üçün imtahan binalarında lazımi şərait yaradılıb.

Hazırda imtahan nəzarətçiləri, rəhbərləri və mühafizə əməkdaşları üçün təlim-seminarlar keçirilir. Təhlükəsizlik tədbirləri çərçivəsində bütün imtahan mərkəzlərinə baxış aparılıb və binalar möhürlənərək Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin nəzarətinə verilib.

Dostuna göndər xəbərdən agah olsun: