Fevral ayında ölkədə soyuq və yağıntılı hava üstünlük təşkil edib

Agah.az xəbər verir ki, fevral ayında ölkə ərazisində soyuq hava kütlələrinin təsiri daha çox müşahidə olunub. Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudovun sözlərinə görə, Bakı və Abşeron yarımadasında havanın temperaturu 15 gün normadan aşağı olub, orta aylıq temperatur isə 3.6 dərəcə isti qeydə alınıb.
Ötən ayın ən isti günü fevralın 16-sı olub. Həmin gün İmişlidə havanın maksimal temperaturu 18 dərəcə, Bakıda və Abşeron yarımadasında isə 15 dərəcə isti qeydə alınıb. Ən soyuq hava isə 24-25 fevral tarixlərində müşahidə edilib. Şahdağda 23 dərəcə, Bakıda və Abşeron yarımadasında isə 7 dərəcə şaxta olub.
Fevral ayında bölgələr üzrə 20 gün yağıntılı hava qeydə alınıb. Ən çox yağıntı normanın 244 faizi olmaqla Lənkəran-Astara zonasında, 172 faizi isə Bakı və Abşeron yarımadasında düşüb.
Bakıda və Abşeron yarımadasında 10 gün qarlı hava müşahidə olunub və qar örtüyünün maksimal hündürlüyü 12 sm-ə çatıb. Ən çox qar Balakən-Şəki zonasında yağıb, Zaqatalanın dağlıq ərazilərində qar örtüyünün qalınlığı 82 sm-ə çatıb.
Ay ərzində güclü küləklər üstünlük təşkil edib. Ölkə üzrə 12 dəfə sarı və narıncı xəbərdarlıqlar verilib. Bakıda və Abşeron yarımadasında 17 gün, bölgələrdə isə 19 gün küləkli hava müşahidə olunub. Küləyin maksimal sürəti Bakıda 30 m/s, bölgələrdə isə 24 m/s-dək güclənib.