Bu ilin ilk tam Ay tutulması martın 14-də baş verəcək

Agah.az xəbər verir ki, bu ilin ilk tam Ay tutulması martın 14-də qeydə alınacaq. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasının məlumatına görə, tutulma yerli vaxtla saat 09:09:33-də başlayacaq və 12:47:48-də sona çatacaq.
Ümumilikdə 3 saat 38 dəqiqə davam edəcək bu astronomik hadisənin tam tutulma mərhələsi saat 10:26:06-da başlayıb, 11:31:26-da yekunlaşacaq. Tutulmanın maksimum nöqtəsi saat 10:59:56-da qeydə alınacaq.
Tam tutulma zamanı Ay 65 dəqiqə ərzində qırmızı-narıncı rəngdə görünəcək. Bu, Günəş şüalarının Yer atmosferindən keçərək Ayın səthinə düşməsi ilə əlaqədardır. Atmosferdə qısa dalğalı işığın (məsələn, mavi işığın) səpələnməsi nəticəsində Ayın səthinə əsasən uzun dalğalı işıq (qırmızı spektr) çatır. Buna görə də Ay tutulma zamanı “Qanlı Ay” adlandırılan xüsusi rəngdə görünür. Ayın rəngi atmosferdəki toz, su və digər hissəciklərin miqdarından, eləcə də temperatur və rütubət səviyyəsindən asılı olaraq dəyişə bilər.
Bu nadir astronomik hadisə əsasən Şimali və Cənubi Amerikadan ən yaxşı şəkildə müşahidə olunacaq. Həmçinin Sakit okean hövzəsi, Amerika, Qərbi Avropa və Qərbi Afrikadan da izləmək mümkün olacaq. Lakin Azərbaycan ərazisində Ay üfüqdən aşağıda olacağından, bu tutulma burada müşahidə edilməyəcək.