Respublika Sanitariya-Karantin Mərkəzinin sabiq rəhbərlərinin məhkəməsi davam edir

Agah.az xəbər verir ki, rüşvət almaqda təqsirləndirilən Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzinin sabiq baş direktoru Saleh Novruzi, sabiq direktor müavini Yadulla Balışov və Laboratoriya şöbəsinin sabiq müdiri Tahir Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən iclasda şahid qismində Maqsud Cəlilov ifadə verib. O, Respublika Sanitariya-Karantin Mərkəzində çalışdığını və təqsirləndirilən şəxsləri tanıdığını bildirib. Şahidin sözlərinə görə, fiziki və hüquqi şəxslərin gətirdiyi məhsullardan nümunələr götürülərək yoxlanılıb və sertifikatlar təqdim olunub. Hakim isə həmin nümunələrin məhsullara aid olub-olmadığını necə müəyyənləşdirdiklərini soruşub. Maqsud Cəlilov bunun sahibkarların təqdim etdiyi sənədlər əsasında müəyyən edildiyini bildirib.
İttihama əsasən, təqsirləndirilən şəxslər sahibkarlardan qanunsuz şəkildə külli miqdarda rüşvət alaraq, lazımi müayinələr aparmadan məhsullar üçün gigiyenik sertifikatlar təqdim ediblər. Onlar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilir.
Məhkəmənin növbəti iclası aprelin 8-nə təyin olunub.