Səbaildə Şəhidlərin Xatirəsinə Ucaldılan Büstlərin Açılış Mərasimi Keçirildi

Agah.az xəbər verir ki, Səbail rayonunda Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, Milli Məclisin deputatı, Elm və Təhsil Komitəsinin sədri Anar İsgəndərov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova, professor Şəmsəddin Hacıyev, Qarabağ müharibəsi iştirakçıları və şəhid ailələri iştirak ediblər.
Tədbir Dövlət Himninin səslənməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra şəhidlərin büstü önünə gül dəstələri düzülüb.
Tədbir zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş əsgərlərin xatirəsinin daima yaddaşlarda qalacağı qeyd edilib. Məhz onların göstərdiyi şücaət nəticəsində uzun illərdir işğal edilmiş torpaqlarımız bu gün işğaldan azad olunub. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə gedən döyüşlərdə ordumuz bir daha dünyaya qüdrətini sübut edə bilib.
Şəhid ailə üzvləri onlara dövlət səviyyəsində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda məktəbin istedadlı şagirdləri bədii kompozisiya nümunələri ilə çıxış ediblər.