Ötən ay 30 nəfər dövlət sərhədini pozduğuna görə saxlanılıb

Agah.az xəbər verir ki, ötən ay ərzində Azərbaycan dövlət sərhədini pozan 30 nəfər saxlanılıb. Dövlət Sərhəd Xidmətinin məlumatına görə, saxlanılan şəxslərin 8-i Azərbaycan, 10-u Pakistan, 4-ü Mərakeş, 1-i Əfqanıstan, 1-i isə Əlcəzair vətəndaşı olub.
Bundan əlavə, 6 İran vətəndaşı 3 ədəd “Layner” tipli üzmə vasitəsi ilə külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edərkən Daxili İşlər Nazirliyi ilə birgə keçirilən əməliyyat nəticəsində Xəzər dənizində saxlanılıb.
Qanunsuz miqrasiya ilə mübarizə tədbirləri çərçivəsində saxta tarix möhürü, pasport və özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd edən 9 nəfər saxlanılıb. Eyni zamanda, sərhəd rejimi qaydalarını pozduqlarına görə 779 nəfərə qarşı müvafiq tədbirlər görülüb.
Cinayətkarlığa qarşı mübarizə çərçivəsində hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 298 nəfər saxlanılaraq aidiyyəti orqanlara təhvil verilib. Ölkədən çıxışı qadağan edilən 397 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan edilən 15 nəfərin isə ölkəyə daxil olmasının qarşısı alınıb.
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 155 kiloqram 193 qram narkotik vasitə, 191 ədəd həb və 105 litr maye tərkibli güclü təsiredici maddə aşkarlanaraq dövriyyədən çıxarılıb.
Qaçaqmalçılığa qarşı aparılan əməliyyatlar zamanı isə ümumi dəyəri 16 milyon 787 min 836 manat olan qaçaqmal, o cümlədən 20 ədəd 9 mm-lik tapança mərmisi, dərman vasitələri, spirtli içkilər və tütün məmulatları aşkar olunaraq götürülüb.