XİN Fransanı Azərbaycana qarşı yalan kampaniyanı dayandırmağa çağırıb

Agah.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Fransadan Azərbaycana qarşı əsassız yalan kampaniyasına son qoymağı tələb edib.
XİN-in mətbuat katibi Ayxan Hacızadə Fransanın dənizaşırı ərazilər naziri Manuel Valsın iddialarına cavab olaraq bildirib ki, Fransa uğursuz xarici siyasətindən nəticə çıxarmaq əvəzinə, əsassız ittihamlarla diqqəti yayındırmağa çalışır.
“Azərbaycanı əsassız iddialarla günahlandıran Fransa özünün müstəmləkəçi keçmişini davam etdirmək üçün müxtəlif xalqlara qarşı qeyri-demokratik addımlar atıb. Cənubi Qafqazda sülh üçün yaranmış imkanlar fonunda Fransanın Ermənistanı silahlandırması bölgədə eskalasiyaya səbəb ola bilər”, – deyə o vurğulayıb.
A.Hacızadə əlavə edib ki, Fransa keçmiş münaqişənin həllinə cavabdeh olan Minsk Qrupunun həmsədrlərindən biri kimi Ermənistanın işğal siyasətinə və 1 milyona yaxın azərbaycanlının məcburi köçkün düşməsinə susduğu halda, indi Azərbaycana qarşı əsassız “etnik təmizləmə” iddiaları irəli sürür.