Agah.az xəbər verir ki, Bakıda tanışını qəsdən öldürməkdə təqsirləndirilən Elvin Əsədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamran Muxtarovun sədrliyi ilə keçirilən iclasda hökm elan olunub. Məhkəmənin qərarına əsasən, Elvin Əsədov 12 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, dövlət ittihamçısı onun 19 il müddətinə azadlıqdan məhrum edilməsini tələb etmişdi.
İstintaqla müəyyən edilib ki, 2023-cü il dekabrın 30-da Nəsimi rayonu ərazisində Elvin Əsədov 2 500 manat faiz borcunu ödəməkdən yayınaraq tanışı Zamiq Cabbarovla mübahisə edib. Mübahisə zamanı Zamiq Cabbarovun nalayiq ifadələr işlətməsi qarşıdurmanı daha da gərginləşdirib. Bir müddət sonra Elvin Əsədov Nəsimi rayonu ərazisində onunla yenidən görüşərək bıçaqla ona xəsarətlər yetirib və nəticədə Zamiq Cabbarov dünyasını dəyişib.
Toplanmış sübutlar əsasında Elvin Əsədova Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb və barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Elvin Əsədov 2023-cü ildə Qarabağda keçirilən antiterror əməliyyatlarında iştirak edib.


Açar sözlər: faiz borcuna görə qətl, Elvin Əsədov məhkəməsi, Nəsimi rayonu qətl hadisəsi, Bakı Ağır Cinayətlər Məhkəməsi, tamah məqsədilə adam öldürmə, Qarabağ antiterror əməliyyatı