Azərbaycan “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nə qoşulur

Agah.az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycanın “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nə qoşulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Nazirlər Kabineti üç ay müddətində aşağıdakı məsələlərlə bağlı təkliflər hazırlayaraq dövlət başçısına təqdim etməlidir:
- Emal edilməmiş almazın idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, eləcə də izlənməsi sahəsində dövlət nəzarətinin gücləndirilməsi;
- “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nə uyğun ixrac sertifikatının forması və verilməsi qaydası;
- Almazın gömrük rəsmiləşdirilməsinin sertifikatlaşdırma sxeminə uyğunlaşdırılması;
- İlgili fəaliyyətlərin rəqəmsallaşdırılması;
- Almazın idxalı, ixracı və dövriyyəsi zamanı mühafizənin təşkili.
Bundan əlavə, Nazirlər Kabineti dövlət nəzarətinin gücləndirilməsi məqsədilə emal edilməmiş almazın gemoloji xüsusiyyətlərinin müəyyən edilməsi üzrə laboratoriyaların yaradılmasını təmin etməli və bu istiqamətdə dövlət büdcəsindən vəsait ayrılmasını təşkil etməlidir. Həmçinin, Azərbaycanın “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nin iştirakçıları ilə əlaqələrinin qurulması üçün lazımi addımlar atılacaq.