Xocalı Soyqırımı Memorial Kompleksi yaradılır

Xocalı Soyqırımı Memorial Kompleksi yaradılır
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən, Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksi inşa ediləcək. Bu qərar Xocalı faciəsi qurbanlarının xatirəsinin əbədiləşdirilməsi və soyqırımının beynəlxalq səviyyədə tanıdılması məqsədi daşıyır.

Kompleksin yaradılması üçün 2025-ci ilin dövlət büdcəsindən Mədəniyyət Nazirliyinə 18,3 milyon manat ayrılıb. Layihənin icrasına Mədəniyyət, İqtisadiyyat, Fövqəladə Hallar nazirlikləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və digər aidiyyəti qurumlar cəlb ediləcək.

Xatırladaq ki, 1992-ci il fevralın 26-da erməni silahlı qüvvələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının dəstəyi ilə Xocalı şəhərində dinc əhaliyə qarşı soyqırımı törədib. Bu faciə nəticəsində 613 azərbaycanlı, o cümlədən 106 qadın, 63 uşaq, 70 ahıl xüsusi amansızlıqla qətlə yetirilib.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Milli Məclis fevralın 26-sını Xocalı Soyqırımı Günü elan edib. Bundan sonra faciənin beynəlxalq səviyyədə tanıdılması istiqamətində mühüm addımlar atılıb.

2020-ci ildə Vətən müharibəsində əldə olunan Qələbə və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatından sonra Xocalı şəhəri işğaldan tam azad edilib. 2023-cü il oktyabrın 15-də Xocalıda Azərbaycan Bayrağı ucaldılıb.

Hazırda işğaldan azad edilən ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir.

Dostuna göndər xəbərdən agah olsun: