Pakistanın Baş naziri İlham Əliyevi ölkəsinə dəvət etdi

Agah.az xəbər verir ki, Azərbaycanda rəsmi səfərdə olan Pakistanın Baş naziri Şahbaz Şərif Bakıda Prezident İlham Əliyevlə görüşüb. O, göstərilən qonaqpərvərliyə görə dövlət başçısına minnətdarlığını bildirib və onu Pakistana səfərə dəvət edib.
Şahbaz Şərif sosial şəbəkədə paylaşım edərək, görüş zamanı ticarət, enerji və müdafiə sahələrində əməkdaşlığın genişləndirilməsi ilə bağlı müzakirələr aparıldığını qeyd edib.
“Məmnuniyyətlə bildirirəm ki, biz Pakistanda qarşılıqlı faydalı layihələrə 2 milyard ABŞ dolları məbləğində Azərbaycan investisiyalarından ibarət portfelin yaradılması üçün geniş müzakirələr apardıq. Mən tarixi investisiya sazişlərinin imzalanması üçün Prezident İlham Əliyevin bu ilin aprelində Pakistana səfərini səbirsizliklə gözləyirəm”, – deyə Pakistanın Baş naziri bildirib.
Şahbaz Şərif əlavə edib ki, Bakıdakı görüşlərdə iki ölkə arasında strateji tərəfdaşlığın gücləndirilməsi və regional sülhə töhfə vermək məsələləri də diqqət mərkəzində olub.