XİN: Fransanın Ermənistan səfirinin açıqlamaları reallığı təhrif edir

Agah.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyinin Azərbaycanın suverenliyinə qarşı səsləndirdiyi iddialara cavab verib.
O bildirib ki, Fransa səfirinin Azərbaycanın legitim tədbirlərini sual altına alması rəsmi Parisin bölgədə sabit və ədalətli sülhün bərqərar olmasında maraqlı olmadığını bir daha sübut edir. Ayxan Hacızadə səfirin Ermənistanın hərbiləşdirilməsini təşviq edən və Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarını yanlış təqdim edən fikirlər səsləndirdiyini vurğulayıb.
“Fransa səfirinin açıqlamaları təmsil etdiyi ölkənin həm münaqişə, həm də postmünaqişə dövründə yürütdüyü siyasətin əsl mahiyyətini ortaya qoyur. Fransanın Avropa və Xarici İşlər Nazirliyinin bu cür açıqlamalara qarşı heç bir tədbir görməməsi Fransa xarici siyasətinin uğursuzluğunun göstəricisidir”, – XİN rəsmisi qeyd edib.
Bundan əlavə, Ayxan Hacızadə Fransa səfirinin Almatı bəyannaməsinə istinad etməsinə baxmayaraq, Ermənistanın bu sənədi hələ də şərtləndirməyə çalışdığını bildirib. O, Qazaxın dörd kəndinin qaytarılması ilə bağlı səslənən iddiaları beynəlxalq hüquqa hörmətsizlik kimi qiymətləndirib və Fransa tərəfini bu kimi açıqlamalara son qoymağa çağırıb.