Ölkədə qeyri-sabit hava şəraiti davam edəcək

Agah.az xəbər verir ki, ölkə ərazisində fevralın 24-ü gündüzədək qeyri-sabit və yağıntılı hava şəraiti davam edəcək. Bəzi bölgələrdə sulu qar və qar yağacağı proqnozlaşdırılır.
Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib ki, fevral ayında qeydə alınan ən aşağı temperatur 2012-ci ildə olub. Həmin ilin fevral ayının 1-dən başlayan şaxtalı hava şəraiti 13 gün davam edib və 8-də Bakıda temperatur mənfi 11 dərəcəyə düşüb. Bu göstərici 1969-cu ilin 9-10 fevral tarixlərində qeydə alınan mənfi 9.6 dərəcəlik rekordu yeniləyib.
Onun sözlərinə görə, 2014-cü ildə şaxtalı hava şəraiti 8 gün davam edib və ən aşağı temperatur mənfi 7.6 dərəcə olub. Sonrakı illərdə isə 2021-ci ildə mənfi 5.5, 2017-ci ildə mənfi 3.4, 2023-cü ildə mənfi 3.1, 2024-cü ildə isə mənfi 2.8 dərəcə şaxta qeydə alınıb. Lakin həmin illərdə Bakıda və Abşeron yarımadasında şaxtalı hava şəraitinin davam müddəti 1-3 gün arasında dəyişib. Bu il isə fevralın 20-dən başlayan şaxtalı hava bir neçə gün davam edəcək.