Polis əməkdaşları üçün cüdo təlimi keçirilib – FOTO
Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində polis əməkdaşlarına Beynəlxalq Cüdo Federasiyasının (IJF) hərbçilər və polislər üçün hazırladığı xüsusi proqramın təqdimatı olub.
Federasiyadan verilən məlumata görə, təqdimatı IJF-in Hərbçilər və Polislərlə Əməkdaşlıq Komissiyasının komissarı Krijan Şabolç edib. Təqdimatdan sonra polis əməkdaşları üçün nümunəvi təlim keçirilib.
Proqramın əsas məqsədi hüquq-mühafizə orqanları əməkdaşlarına silahsız özünümüdafiə metodunu mənimsətməkdən ibarətdir.
Hərbçilər və polislər üçün nəzərdə tutulan cüdo təliminin fiziki hazırlıq, silahsız özünümüdafiə bacarıqları və stresin idarə edilməsi kimi faydaları var.
Təlim cüdo texnikalarının geniş spektrini, o cümlədən hərəkətlər, qaldırma, mübarizə, yerdə döyüş və ayağa qalxma bacarıqlarını əhatə edir.
K.Şabolç bildirib ki, burada əldə edilən bacarıqlar polis əməkdaşlarının xidməti vəzifələrini icra edərkən qarşılaşdıqları təhlükələri önləmək və göstərilən müqavimət zamanı mühüm fərq kəsb edəcək.
“Azərbaycan Daxili İşlər Nazirliyi polis əməkdaşlarının peşəkarlığının artırılmasına böyük diqqət göstərir. Təlimin ən vacib hissəsi cüdonun əsasını təşkil edən yıxılmalardan sığortalanma elementlərini tam şəkildə mənimsəməkdir.
Cüdo idman növünün çoxsaylı üstünlüklərini nəzərə alsaq, gələcəkdə əsas planlardan biri təlim proqramını genişləndirmək və təkmilləşdirməkdir”, – deyə Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin rəisi Mövlud Mirəliyev vurğulayıb.
Qeyd edək ki, təlim Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin, Beynəlxalq Cüdo Federasiyasının və Azərbaycan Cüdo Federasiyasının birgə əməkdaşlığı çərçivəsində baş tutub.
(055) 436-46-45