Bakıda restoranda zəhərlənmə hadisəsi baş verib

Bakıda restoranda zəhərlənmə hadisəsi baş verib
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Bakıda məşhur restoranlardan birində müştərilərin zəhərlənməsi hadisəsi qeydə alınıb. Hadisə barədə zərərçəkmiş Haldun Novruzzadə məlumat verib.

Onun sözlərinə görə, həyat yoldaşı ilə restoranda göbələk supu yedikdən sonra hər ikisində zəhərlənmə əlamətləri müşahidə edilib:
“Evə qayıdarkən mədəmdə ağırlaşma hiss etdim, üşütmə, qusma və əzələ ağrısı başladı. Bir neçə saat sonra hər ikimizdə qızdırma, halsızlıq və ürəkbulantısı yarandı. Gün ərzində sadəcə evdə səhər yeməyi yemişdik, buna görə də restoranda yediyimiz göbələk supundan zəhərləndiyimizi düşünürük.”

Haldun Novruzzadə və həyat yoldaşı Kliniki Tibbi Mərkəzin (KTM) toksikologiya şöbəsində tibbi yardım alıblar. O bildirib ki, hazırda özündə qızdırma və halsızlıq davam edir, həyat yoldaşı isə nisbətən yaxşılaşsa da, bədən ağrılarından şikayətçidir.

KTM-dən verilən məlumata görə, yanvarın 10-da saat 02:08 radələrində 1991-ci il təvəllüdlü Haldun Novruzzadə qızdırma, halsızlıq və ürəkbulanma şikayətləri ilə xəstəxanaya qəbul olunub. Müayinə nəticəsində ona qastroenterit diaqnozu qoyulub və lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) hadisə ilə bağlı araşdırmalara başladığını və restoranın yoxlanıldığını bildirib. AQTA-nın Bakı regional bölməsi məsələni nəzarətə götürüb və araşdırmaların nəticələri barədə əlavə məlumat veriləcəyi bildirilib.

Dostuna göndər xəbərdən agah olsun: