Keçən il bələdiyyələrlə bağlı 103 inzibati protokol tərtib edilib

Agah.az xəbər verir ki, ötən il bələdiyyələrin fəaliyyəti ilə bağlı 103 inzibati xəta protokolu tərtib edilərək məhkəmələrə göndərilib. Bu barədə Milli Məclisin Regional məsələlər komitəsinin iclasında müzakirə olunan “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi”ndə məlumat verilib.
Məlumata görə, protokollar əsasən İnzibati Xətalar Məcəlləsinin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın işinə mane olma maddəsi ilə bağlı olub.
Məruzəyə əsasən:
- 77 bələdiyyə vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edilib,
- 15 inzibati xəta işinə xitam verilib,
- 11 inzibati xəta işi isə hazırda məhkəmə icraatındadır.
Bildirilib ki, bələdiyyələrlə inzibati nəzarəti həyata keçirən orqan arasında elektron sənəd dövriyyəsinin tətbiqindən sonra inzibati xətaların sayı əhəmiyyətli dərəcədə azalıb.
Qeyd edək ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti Ədliyyə Nazirliyi həyata keçirir.