Hesablama Palatasının 2024-cü il üzrə büdcəsinin icra səviyyəsi 80,5 % olub

Hesablama Palatasının 2024-cü il üzrə büdcəsinin icra səviyyəsi 80,5 % olub
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Hesablama Palatasının 2024-cü il üzrə təsdiq edilmiş büdcəsinin icra səviyyəsi 80,5 % təşkil edib.

Palatanın ötən il üçün təsdiq edilmiş büdcəsi 11 milyon 424,6 min manat olsa da, icra prosesi və yenidən baxılma zamanı müəyyən dəyişikliklər edilib. Dövlət büdcəsinə yenidən baxılarkən bəzi istiqamətlər üzrə vəsaitlər azaldılıb, digərlərinə isə artırılıb. Xüsusilə, “Azəristiliktəchizat” ASC ilə müqavilənin ləğvi səbəbindən istilik enerjisi xərcləri azaldılıb, beynəlxalq tədbirlər və COP29 iqlim konfransı ilə bağlı fəaliyyətlər üçün xarici ezamiyyə xərcləri isə artırılıb.

Bundan əlavə, “Büdcə sistemi haqqında” Qanuna uyğun olaraq, vəfat etmiş işçinin vərəsələrinə müavinət ödənilməsi üçün 12,7 min manat ayrılıb. Ümumilikdə, büdcəyə edilən dəyişikliklərin həcmi 52,7 min manat olub ki, bu da təsdiq edilmiş büdcənin 0,5 %-dən azdır.

Dövlət büdcəsindən Hesablama Palatasına əlavə olaraq iki beynəlxalq tədbir üçün 159 min manat, nəqliyyat vasitələrinin icbari sığortası üçün isə 2,7 min manat vəsait ayrılıb.

Beləliklə, 2024-cü il üçün nəzərdə tutulan 11 milyon 586,3 min manatlıq büdcənin 9 milyon 332,3 min manatı icra edilib ki, bu da ümumi büdcənin 80,5 %-ni təşkil edir.

Dostuna göndər xəbərdən agah olsun: