Qətər atəşkəsin ikinci mərhələsi üçün danışıqlara çağırış etdi

qeter-ateskes-danisiqlari-qeza-muzakireleri
Agah.az xəbər verir ki, Qətər hökumətinin başçısı və xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani İsrail və Fələstinin HƏMAS hərəkatını Qəzza zolağında atəşkəs razılaşmasının ikinci mərhələsi üzrə danışıqlara dəvət edib.
Türkiyənin xarici işlər naziri Hakan Fidanla birgə keçirilən mətbuat konfransında Əl Tani bildirib ki, sazişə əsasən danışıqlar sabahdan başlanmalıdır:
“Biz sazişdə nəzərdə tutulduğu kimi, ikinci mərhələ üzrə danışıqların dərhal başlanmasını tələb edirik. Artıq tərəflərlə qarşılıqlı fəaliyyətə başlamışıq”.
Onun sözlərinə görə, nümayəndə heyətlərinin görüş yeri hələ müəyyən edilməyib. Əl Tani əlavə edib ki, atəşkəsin 42-ci gününə qədər razılığın əldə olunması mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, fevralın 1-də İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoff ilə Qəzza razılaşmasının növbəti mərhələsi üzrə danışıqlar aparılması barədə razılığa gəldiyini açıqlamışdı.