Salyanda baş verən dəhşətli qəzada sağ qalan uşağın vəziyyəti sabitdir
Agah.az xəbər verir ki, Salyan rayonunda su kollektoruna düşən avtomobildən sağ çıxarılan azyaşlı uşağın vəziyyəti açıqlanıb. TƏBİB-in məlumatına görə, 2021-ci il təvəllüdlü azyaşlı 29 yanvar saat 23:20-də Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
“Ona dəqiqləşdirilməmiş respirator çatışmazlığı diaqnozu qoyulub. Hazırda müalicəsi davam etdirilir və vəziyyəti stabildir,” — deyə qurumdan bildirilib.
Qəza ilə bağlı hüquqi proses də başlayıb. Salyan Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümü ilə nəticələndikdə) maddəsi ilə cinayət işi açılıb, müvafiq ekspertizalar təyin edilib.
Xatırladaq ki, 1992-ci il təvəllüdlü Aqil Məmmədovun idarə etdiyi “Mercedes-Benz” markalı avtomobil rayonun Seyidlər kəndi ərazisində su kollektoruna düşərək faciəyə səbəb olub. Hadisə nəticəsində sürücü, sərnişinlər Nərmin İsmayılova (1990), Rza İsmayılov (2010) və Hüseyn İsmayılzadə (2012) həyatlarını itiriblər.
1983-cü il təvəllüdlü Elşən İsmayılov və azyaşlı Ziya İsmayılov isə sağ qalıblar.
Açar sözlər: Salyan qəza, su kollektoruna düşən avtomobil, ağır yol-nəqliyyat hadisəsi, xəsarət alan azyaşlı, cinayət işi, Mercedes qəzası, təcili yardım, Salyan Rayon Polis Şöbəsi.
(055) 436-46-45