Prezident İlham Əliyev: Ermənistanın “Sülh kəsişməsi” layihəsi Azərbaycansız heç bir dəyərə malik deyil
Agah.az xəbər verir ki, Prezident İlham Əliyev yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə çıxış edərək Ermənistanın “Sülh kəsişməsi” layihəsinə kəskin münasibət bildirib.
Dövlət başçısı qeyd edib ki, Ermənistan tərəfindən irəli sürülən bu layihənin Azərbaycansız heç bir dəyəri yoxdur:
“İndi dünyada bir ölkə qalmayıb ki, bu layihə həmin ölkəyə təqdim edilməsin. Halbuki bu dırnaqarası layihənin Azərbaycansız iki qəpiklik də qiyməti yoxdur. Əgər bu layihəni həyata keçirmək istəyirlərsə, ilk növbədə, Azərbaycana müraciət etməlidirlər. Çünki bizsiz bu, sadəcə olaraq kağız parçasıdır. Bizim şərtlərimiz isə ədalətli, beynəlxalq hüquqa əsaslanan və Ermənistanın öz öhdəliklərinə uyğun olan şərtlərdir”.
Prezident İlham Əliyev Ermənistan rəhbərliyinə 10 noyabr 2020-ci il tarixli bəyanatı yenidən diqqətlə oxumağı tövsiyə edib:
“Orada xüsusilə vurğulanan maddələrə diqqət yetirilməlidir. Yenə də deyirəm, onların dırnaqarası layihəsi Azərbaycansız tamamilə əhəmiyyətsizdir. Vaxt uzatmaqla, beynəlxalq ictimaiyyəti çaşdırmaqla məşğuldurlar. Bunun nəticəsində bu günə qədər Azərbaycanın ayrılmaz hissəsi – Naxçıvan Muxtar Respublikası ilə ən qısa və rahat bağlantımız təmin olunmayıb”.
(055) 436-46-45