Səhiyyə Nazirliyinin sabiq əməkdaşlarının rüşvət işi üzrə məhkəmə davam edir
Agah.az xəbər verir ki, rüşvət almaqda ittiham edilən Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzinin keçmiş baş direktoru Saleh Novruzi, keçmiş direktor müavini Yadulla Balışov və Laboratoriya şöbəsinin sabiq müdiri Tahir Vəliyevin məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində davam edir.
Hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən Saleh Novruzi ifadə verib. O, ittihamlarla razılaşmadığını, heç bir əməkdaşdan pul almadığını və çantasından tapılan 30 min manatın oğluna məxsus olduğunu bildirib. Onun sözlərinə görə, bu məbləğ Masazırda ev almaq üçün nəzərdə tutulmuşdu.
İttihama əsasən, təqsirləndirilən şəxslər əlbir olaraq idxal və daxili istehsal məhsullarına gigiyenik sertifikatları qanunsuz şəkildə verərək vətəndaşlardan külli miqdarda rüşvət alıblar. Onlara qarşı Cinayət Məcəlləsinin bir neçə maddəsi, o cümlədən 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.
Hər üç şəxsin yaşı və səhhəti nəzərə alınaraq, məhkəmə tərəfindən onların ev dustaqlığında qalmasına qərar verilib.
Növbəti məhkəmə iclası 25 fevral 2025-ci il tarixinə təyin olunub.
(055) 436-46-45