Naxçıvanda Sosial Xidmətlər Agentliyində ciddi nöqsanlar aşkarlanıb
Agah.az xəbər verir ki, Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyində apardığı audit yoxlamaları bir sıra ciddi maliyyə və idarəetmə pozuntularını üzə çıxarıb.
Məlumata əsasən, dövlət büdcəsi hesabına artıq xərcləmələr, sanatoriya-kurort yollayışlarının qanunsuz təqdim olunması və təkrar yollayışların verilməsi kimi hallar qeydə alınıb. Bu çərçivədə dövlət büdcəsindən 1 040 manat artıq vəsait sərf olunub.
Ünvanlı dövlət sosial yardımlarının təyini zamanı isə 132 min 994 manatlıq qanunsuz ödənişlər edilib. Əmək qabiliyyətli şəxslərə, aktiv əmək müqaviləsi olanlara və ya sosial sığorta haqqı ödəməyənlərə qanunsuz yardımlar ayrılıb. Eyni zamanda, yaşa və ya ailə başçısını itirməyə görə müavinətlər qanunsuz olaraq 28 426 manat həcmində ödənilib.
Audit, həmçinin Agentliyin balansında olan 92 min 612 manatlıq əsas vəsaitlərin itməsini, bəzi aktivlərin qanunsuz şəkildə digər qurumlara verilməsini və inventarizasiyanın düzgün aparılmamasını müəyyən edib.
Satınalma proseslərində də ciddi qanun pozuntuları aşkarlanıb. İlkin satınalma planlarının təsdiqlənməməsi, vahid portala gec yerləşdirilməsi və bəzi avadanlıqların dəyərinin şişirdilməsi səbəbindən dövlət vəsaitlərindən səmərəsiz istifadə olunub.
Hesablama Palatası Agentliyə tövsiyə edib ki, aşkarlanan nöqsanlar aradan qaldırılsın, artıq ödənilmiş vəsaitlər geri qaytarılsın və daxili nəzarət mexanizmləri gücləndirilsin.
(055) 436-46-45