“Rusiya Ermənistanda hakimiyyəti dəyişməyə çalışır, Paşinyanın yerinə namizəd də tapıb” – RƏY

Dostuna göndər xəbərdən agah olsun:

“Rusiya Ermənistanda hakimiyyəti dəyişməyə çalışır. Moskvanın belə bir planı var. Hətta Ermənistanın baş naziri Nikol Paşinyanın yerinə namizəd də tapıb”.

Bunu “Report”a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Ekspertin sözlərinə görə, həmin namizədlər keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyan deyil: “Onların hər ikisi “işlənmiş kartdır”. Paşinyanla hansısa sövdələşmənin əldə olunması və beləliklə, dinc yolla onun hakimiyyətdən uzaqlaşdırılması mümkündür. Həmçinin, sui-qəsd ehtimalı da istisna deyil. Hazırda Paşinyanın başı üzərində “qara buludlar” dolanır və gələcəkdə həmin buludların “leysan yağışla” nəticələnməsi gözləniləndir. Bütün hallarda düşünürəm ki, Qərbin müdaxilələrinə rəğmən, Rusiya Cənubi Qafqazdan çıxmayacaq”.

O bildirib ki, Şərqi Avropada müharibə başlayandan sonra Qərbin siyasətində dəyişiklik oldu: “Qərb vəziyyətdən istifadə edərək Rusiyanı bölgədən çıxarmağa çalışır. Qərb Ermənistanın baş naziri Nikol Paşinyana təzyiq göstərir: “Paşinyan isə hələ ki hər iki cəbhə ilə işləyir. O, Rusiya Prezidenti Vladimir Putinlə münasibətlərinin davam etdiyini bildirib. Elə Putin özü də dünən oxşar məzmunlu açıqlama verib. Amma siyasətdə bu cür açıqlamar yanıldıcı da ola bilər. Tərəflər bəzi hallarda bir-birini aldatmağa, belə demək mümkünsə, “başlarının altına yastıq qoymağa” çalışırlar”.

T.Abbasovun fikrincə, Ermənistan rəsmilərinin Rusiya haqqında dedikləri bu dövlətə başucalığı gətirmir: “Əslində, Ermənistan bir dövlət kimi mövcudluğuna görə Rusiyaya minnətdar olmalıdır. Amma rəsmi İrəvan indi Moskvanı günahlandırır. Paşinyan və onun komandası elə danışır ki, sanki Rusiya onlar üçün heç nə etməyib”.

Politoloq vurğulayıb ki, Rusiya ilə Ermənistan arasındakı gərginlik və Ermənistanda ehtimal edilən hakimiyyət dəyişikliyi Cənubi Qafqazdakı proseslərə, o cümlədən, sülh idealına ciddi təsir etməyəcək: “Sülh müqaviləsi gec-tez imzalanacaq. Bu, qaçılmazdır. Sadəcə olaraq, Paşinyan indi sülhə gedən marşrut xəttini uzatmağa çalışır. O, nə vaxtsa geosiyasi proseslərin dəyişəcəyinə ümid edir. Ancaq belə addımlarla öz işini çətinləşdirir”.

Qeyd edək ki, son vaxtlar Rusiya ilə Ermənistan arasında münasibətlər sürətlə gərginləşir. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün deyib ki, Rusiya ilə mübahisə Ermənistan üçün fəlakətdir.

Putin isə dünən Paşinyanla münasibətlər barədə danışıb və təmasların davam etdiyini söyləyib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)