Təyyarə qəzasında yaralananlara yeni şəxsiyyət vəsiqəsi veriləcək

Agah.az xəbər verir ki, Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində sənədləri korlanmış yaralı sərnişinlərə səyyar “ASAN xidmət” göstərilib.
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilən məlumata görə, “ASAN xidmət” və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət birgə operativ səyyar qrup yaradılıb. Bu qrup “Yeni Klinika”da müalicə alan yaralıların şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidmətini təmin edib.
Agentlik hadisədən zərər çəkmişlərin yaxınlarına başsağlığı verib: “Faciə nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı bildirir, yaralılara tezliklə şəfa diləyirik.”
Xatırladaq ki, AZAL-a məxsus təyyarədə 67 sərnişin olub. Onlardan 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü Qırğızıstan vətəndaşıdır. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb. Xəstəxanaya yerləşdirilən 27 yaralı arasında Azərbaycan (15), Rusiya (8), Qırğızıstan (3) vətəndaşları var. Bir nəfərin şəxsiyyəti isə hələ müəyyən edilməyib.
Hər iki pilot daxil olmaqla 3 ekipaj üzvü həlak olub, 2 nəfər sağ qalıb. Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib.
Hadisənin səbəblərini araşdırmaq məqsədilə dövlət başçısının tapşırığı ilə Baş nazir Əli Əsədovun rəhbərliyi altında Dövlət Komissiyası yaradılıb. Eyni zamanda Prezident İlham Əliyevin sərəncamı ilə dekabrın 26-sı Azərbaycanda matəm günü elan edilib.
Məlumatla bağlı video sujet baku tv-nin təqdimatında:
Açar sözlər: Bakı-Qroznı reysi, təyyarə qəzası, Embraer 190, səyyar ASAN xidmət, yaralı sərnişinlər, AZAL, Aktau təyyarə qəzası, matəm günü.