BƏƏ Prezidenti İlham Əliyevə başsağlığı verib
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.
Məktubda BƏƏ Prezidentinin “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstan Respublikasında qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı və yaralanması xəbərini dərin hüzn və kədərlə qarşıladıqlarını bildirib.
“Bu ağır itki ilə əlaqədar Sizə dərin hüznlə başsağlığı verir, yaralıların tezliklə sağalmalarını arzu edirik”, – məktubda qeyd olunub.
Eyni zamanda BƏƏ-nin vitse-prezidenti, Baş naziri və Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktum və Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident işləri naziri Şeyx Mansur bin Zayed Al Nəhyan da Azərbaycanın dövlət başçısı İlham Əliyevə başsağlığı məktubu göndərib.
Qeyd edək ki, təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.
(055) 436-46-45