AYNA kəskin hava şəraiti ilə bağlı hərəkət iştirakşılarına xəbərdarlıq edib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Azərbaycanda gözlənilən kəskin hava şəraiti ilə əlaqədar hərəkət iştirakşılarına xəbərdarlıq edir.
Dekabrın 14-də proqnozlaşdırılan hava şəraiti ilə əlaqədar AYNA sərnişinlərdən dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olmalarını xahiş edir.
Həmçinin Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində və digər yerlərdə yolun hərəkət hissələrinə çıxmamağı, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib-düşməyi, piyadalardan yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir.
Agentlik tərəfindən sürücülərdən ara məsafəsi və sürət həddinə diqqət etmələri xahiş olunur: “Avtomobillərinizi ağacların və dayanıqsız konstruksiyaların yaxınlığında park etməyin və bu ərazilərdə dayanmayın. Mikromobillik istifadəçiləri, diqqətli olun! Yağışlı hava şəraitində yol səthi sürüşkən olduğundan sürətinizi azaldın və yol nişanlarına xüsusi diqqət yetirin”.
Milli Hidrometeorologiya Xidməti dekabrın 14-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.
Şuşa, Xankəndi, Xocavənd, Qubadlı, Ağdərə, Saatlı, Sabirabad, Qazax, Laçın, Cəbrayıl, Zəngilan, Füzuli, İmişli, Beyləqan, Salyan, Kürdəmir, Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Astara, Xaçmaz, Xızı, Siyəzən, Şabran, Quba, Göygöl, Gədəbəy, Şamaxı, Şirvanda fasilələrlə şimal-qərb küləyi əsəcək və küləyin sürəti 13,9-20,7 m/san təşkil edəcək. Bu sarı xəbərdarlığa uyğundur.
Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Kəlbəcər, Hacıqabul, Neftçala, Mingəçevir, Naftalan, Gəncə, Ağstafa, Ceyrançöl, Goranboy, Bərdə, Tərtər, Yevlax, Ağcabədi, Ağdam, Göyçay, Zərdab, Şəmkir, Daşkəsən, Tovuz, Samux, Şəki, Zaqatala, Oğuz, Qəbələ, Balakən, Qax, Qusar, İsmayıllı, Ağdaş, Ucar, Lerik, Yardımlı, Qobustanda isə fasilələrlə şimal-qərb küləyinin əsəcəyi və küləyin sürətinin 20,8-28,4 m/san olacağı gözlənilir. Bu da narıncı xəbərdarlığa uyğundur.
(055) 436-46-45