Türkiyə qeydiyyatlı avtomobillər 9 ayda Azərbaycanda ən çox qəza törədib
Türkiyədə qeydiyyatdan keçmiş avtomobillər Azərbaycanda ən çox qəza törədən nəqliyyat vasitələri olub.
Bu barədə İcbari Sığorta Bürosu (İSB) məlumat yayıb.
Bildirilib ki, 2024-cü ilin yanvar-sentyabr aylarında “Yaşıl Kart” beynəlxalq sığorta sisteminin iştirakçılarının təqsiri ilə Azərbaycanda baş verən yol-nəqliyyat hadisələrinə görə sığorta şirkətləri ümumilikdə 53 276 manat ödəniş edib.
Bu dövrdə Türkiyə qeydiyyatlı avtomobillər 18 qəza törədib və nəticədə 31 838 manat sığorta ödənişi həyata keçirilib. Ukrayna qeydiyyatlı avtomobillər 7 qəza törədib və bu qəzalar üçün 13 869 manat ödənilib. Rusiya qeydiyyatlı avtomobillər isə 5 qəza törədərək ümumilikdə 7 569 manat sığorta ödənişi ilə nəticələnib.
Bu ilin 9 ayında Azərbaycanın “Yaşıl Kart” sahiblərinin təqsiri üzündən ölkədən kənarda – Rusiya, Türkiyə, Latviya, Polşa, Belarus, Rumıniya, Estoniya, Niderland və Belçikada isə ümumilikdə 264 yol qəzası baş verib. Həmin sığorta hadisələrinə görə 998 846 manat ödəniş həyata keçirilib.
(055) 436-46-45