Türkiyəli politoloq: “Bakı ilə Ankara arasında müdafiə sahəsində əməkdaşlıq nümunədir”
“Azərbaycan və Türkiyə arasında müdafiə sahəsində əməkdaşlıq fəal şəkildə inkişaf edir. Əməkdaşlıq artıq müttəfiqlik səviyyəsinə yüksələrək regionda təhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə öz töhfəsini verir”.
Bunu “Report”a açıqlamasında türkiyəli politoloq Engin Özer deyib.
Politoloq qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasında mövcud müttəfiqlik münasibətlərinin formatı müdafiə qabiliyyətini gücləndirməkdə maraqlı olan digər ölkələr üçün də nümunə ola bilər.
Ekspert xatırladıb ki, Azərbaycan və Türkiyə müdafiə nazirləri Zakir Həsənov və Yaşar Gülərin bu yaxınlarda Ankarada keçirilən görüşündə iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın bir çox aspektləri müzakirə olunub:
“Nazirlər digər məsələlərlə yanaşı, müdafiə sənayesi, o cümlədən PUA-ların istehsalı sahəsində əməkdaşlığın gələcək inkişafını müzakirə ediblər”.
E.Özerin sözlərinə görə, Azərbaycanın çoxlu sayda hücum və kəşfiyyat PUA-larına ehtiyacı var:
“Hazırda Azərbaycanın öz arsenalında Türkiyə PUA-ları var və onlardan sərhəd mühafizəsində, xüsusən Ermənistanla həmsərhəd zonada istifadə edir”.
Politoloq qeyd edib ki, Türkiyə öz beşinci nəsil KAAN döyüş təyyarəsinin inkişafını davam etdirir. O, gələcəkdə Azərbaycanın bu layihənin reallaşdırılmasına cəlb olunacağını, həmçinin müdafiə ehtiyacları üçün helikopterlərlə təmin ediləcəyini istisna etməyib.
“Azərbaycan və Türkiyə iki ölkənin hərbi qulluqçuları arasında təcrübə mübadiləsi yolu ilə müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirməkdə davam edir”, – ekspert vurğulayıb.
(055) 436-46-45