Antisanitar şəraitdə, işçilərin heç bir gigiyenik normalara riayət etmədən hazırladıqları toyuqlar geniş müzakirələrə səbəb olub.

AGAH.AZ oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı videogörüntülər sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, videogörüntülərin Suraxanı rayonu, Hövsan kəndi, “Abdullanın Sexi” kimi tanınan müəssisədə baş verdiyi iddia edilir.

Yayılan videoda görünən mənzərə isə ortadadır. İşçi olduğu iddia edilən şəxsin üzərində qida sektorunda çalışanların riayət etməli olduğu nə xüsusi xalat, nə “bone”, nə “baxil”, nə əlcək yoxdur. Həmin şəxs toyuğu götürərək göydə fırladır və yerə düşən toyuğun sonrakı aqibətini düşünmək kifayət qədər vahiməlidir.

Sosial şəbəkələrdə yayılan görüntülər insanlar arasında ciddi narahatlıq yaradıb. İnsanlar mağazalardan alaraq istehlak etdikləri qidaların bu formada hazırlandığını düşünərək hiddətlənirlər.

İnsan sağlamlığını heçə sayan bu cür müəssisələrdə hər hansı monitorinqlər aparılırmı? İrəli sürülən iddiaların doğruluğunu yoxlamaq üçün adıçəkilən müəssisəyə baxış keçirilibmi?

Bununla bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) sorğu ünvanlanıb. AQTA-nın şöbə müdiri Mansur Piriyev bildirib ki, məsələ sosial şəbəkələrdən götürülərək agentlik tərəfindən qeydə alınıb:

“Bununla bağlı agentliyin Bakı regional bölməsi tərəfindən müvafiq araşdırmalara başlanıb. Aparılan araşdırmanın nəticəsi ilə bağlı ətraflı məlumat veriləcək. Eyni zamanda qida zəncirinin istənilən mərhələsində baş verən nöqsanlarla bağlı vətəndaşlardan agentliyin “1003” Çağrı Mərkəzinə məlumat verməsi xahiş olunur. Daxil olan müraciətlər qanunvericiliyə uyğun olaraq araşdırılır və zəruri tədbirlər görülür”.

VİDEO