Xüsusi təyinatlı: Şuşa əməliyyatlarında dərələrdən keçərək gözlənilməz istiqamətlərdən hücum edirdik

Xüsusi təyinatlı: Şuşa əməliyyatlarında dərələrdən keçərək gözlənilməz istiqamətlərdən hücum edirdik
Dostuna göndər xəbərdən agah olsun:

44 günlük Vətən müharibəsinin Şuşa əməliyyatları zamanı dərələrdən keçərək işğalçıların üzərinə gözlənilməz istiqamətlərdən hücum edirdik.

Bu sözləri “Report”un Şuşaya ezam olunmuş əməkdaşına müsahibəsində Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin Vətən müharibəsində iştirak etmiş zabiti şəhərin işğaldan azad olunmasının dördüncü ildönümü ilə əlaqədar təşkil edilən mediatur zamanı deyib.

O bildirib ki, 2020-ci il noyabr ayının 2-də Şuşa istiqamətində hərəkət etmək üçün tapşırıq alıblar:

“Pilotsuz uçuş aparatlarından istifadə edərək qarşıdakı hədəfləri müəyyən edirdik. Dərələrdən keçərək düşmənin gözləmədiyi istiqamətlərdə hücuma keçirdik. Laçın yolunu keçərək dumanlı havada hərəkət edirdik. Onlar bizi daimi istifadə etdikləri yolda gözləyirdilər, ona görə də əsas qüvvələrini ora toplamışdılar. Onların gözləmədiyi istiqamətdə və vaxtda hücum edən zaman təşvişə düşdülər. Şuşa və ətrafına böyük qüvvə cəmləşdirsələr də, döyüşmək iqtidarında deyildilər. Şuşa qalası istiqamətində işğalçıların şəhərdə qalmış qüvvələrini məhv etməyə başladıq. Laçın və Xankəndi istiqamətindən əks-həmlələr etməyə çalışdılar, lakin biz bunu dəf etdik. Ali Baş Komandanın iradəsi və xalqımızın dəstəyi ilə Qarabağın tacı olan Şuşa şəhərini işğaldan azad etdik”.

Hərbi qulluqçunun sözlərinə görə, Azərbaycan Ordusu Şuşaya girdikdən sonra işğalçılar Xankəndi şəhəri tərəfdən artilleriya və digər ağır silahlardan atəş açmağa başlayıblar. O bildirib ki, düşmən adətən ağır texnikalardan istifadə etməkdən çəkinirdi, çünki bu texnikaları Azərbaycan Ordusu PUA-lar vasitəsilə asanlıqla məhv edirdi.

“Dalana dirənən işğalçılar məcbur qalıb Şuşada ağır zirehli texnikalardan istifadə edirdilər. Şəhidlərimiz və yaralılarımız var idi. Lakin döyüş ruhumuz yüksək səviyyədə idi. Biz irəlilədikcə düşmən zirehli texnikasını qoyub qaçırdı. Şuşa əməliyyatına qədər artıq düşmənin mübarizə əzmi qırılmışdı. Bu, hücum edəndə onların özlərini itirərək döyüş meydanından qaçdıqları zaman da aydın hiss olunurdu. Bölmələrimiz Şuşada düşmənin bütün müqavimətini qırırdı. Müharibədə iştirak etdiyim üçün Azərbaycan Bayrağı Ordeni, Şücaətə görə və digər medallarla təltif olunmuşam”, – deyə Azərbaycan Ordusunun xüsusi təyinatlı zabiti bildirib.

Qeyd edək ki, 2020-ci il noyabrın 8-də Azərbaycan Ordusu Şuşa şəhərini Ermənistan silahlı qüvvələrinin işğalından azad edib. Bu qələbəni Azərbaycan xalqına Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev çatdırıb.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45