AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb – FOTO

Dostuna göndər xəbərdən agah olsun:

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Təlim-Tədris Mərkəzində taksi fəaliyyətinin tənzimlənməsinə dair oktyabrın 1-də qüvvəyə minəcək qanunvericiliyin tələblərinin yerinə yetirilməsi məqsədilə təlimlərə başlanılıb. Yeni qaydalara əsasən, sürücülərin xüsusi təlimlərdən keçmədən fəaliyyət göstərmələri yolverilməzdir.

Qeyd edək ki, “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər.

Taksi sürücülərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, xidmət səviyyəsinin yüksəldilməsi ilə vətəndaş məmnunluğunun artırılması məqsədini daşıyan təlimlər tədris kabinetlərində və təlim meydançasında müvafiq sahə üzrə yüksək ixtisaslı, təcrübəli müəllim heyəti və təlim ustaları cəlb olunmaqla keçirilir.

İştirakçılara sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlar, taksi minik avtomobilləri ilə sərnişindaşıma qaydaları, sürücü və sərnişinlərin hüquq və vəzifələri, nəqliyyat vasitələri və sürücülərə dair tələblər, eləcə də etik davranış qaydaları aşılanır. Tədris proqramına taksi fəaliyyətində tətbiq edilən müasir texnologiyalar və proqram təminatlarından istifadə, sürücünün iş və istirahət rejimi normalarına riayət olunması, sərnişindaşımada hərəkətin təhlükəsizliyinin təmin edilməsi və ilk tibbi yardımın göstərilməsi kimi mövzular daxil edilib. Proqramın yekununda imtahan təşkil edilir. Xüsusi hazırlığı müvəffəqiyyətlə bitirən sürücülərə şəhadətnamə təqdim olunur.

Təlimlərdə iştirak etmək istəyən taksi sürücüləri Bakı şəhəri, Ziya Bünyadov prospekti, 39C ünvanında yerləşən Təlim-Tədris Mərkəzinə, həmçinin AYNA-nın “1181” Çağrı Mərkəzinə müraciət edə bilərlər.

 

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)