Naxçıvanda Bitki Yağları Anbarında Yanğınla Bağlı Cinayət İşi Başlanıb
Agah.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Prokurorluğu “Şərur Sənaye Mərkəzi” publik hüquqi şəxsə məxsus bitki yağları istehsalı müəssisəsinin anbarında 25 sentyabr tarixində baş vermiş yanğınla bağlı araşdırma aparıb.
Prokurorluğun verdiyi məlumata görə, araşdırmalar nəticəsində müəyyən edilib ki, dövlət vəsaiti hesabına alınan bitki yağı xammalı normativ sənədlərin tələblərinə uyğun şəkildə saxlanılmayıb. Nəticədə, anbara yığılmış xammalın düzgün saxlanmaması səbəbilə məhsul qida istifadəsinə yararsız hala düşüb və sonradan tüstülənmə və yanğın baş verib. Bu yanğın nəticəsində külli miqdarda dövlət əmlakı məhv olub.
Hadisə ilə əlaqədar vəzifəli şəxslərin səhlənkarlığı səbəbindən dövlətə külli miqdarda zərər vurulduğu müəyyən edildiyindən, fakt üzrə Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Hazırda istintaq davam edir və hadisədə təqsirli olan şəxslərin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür.
(055) 436-46-45