Onlayn lotereya adı ilə dələduzluq iddiası: Tənzilə Kərimovanın məhkəməsi davam edir
Agah.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində “onlayn lotereya” adı altında 1 milyon 232 min manat dələduzluqda təqsirləndirilən Tənzilə Kərimovanın işi üzrə proses davam etdirilib. Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən iclasda zərərçəkmişlər ifadə veriblər.
Zərərçəkmiş Həcər Baxışova, “Onlayn lotereya” oyunları üçün yaradılan qruplardan birinin rəhbəri olduğunu və bu oyuna rəfiqəsi ilə qoşulduğunu bildirib. O, qrupa daxil olduqdan bir ay sonra aktivliyinə görə qrup rəhbəri təyin edildiyini və qrupa 10 nəfər gətirdiyini deyib. Baxışova ümumilikdə 2500 manat pul yatırdığını və bu məbləğin geri qaytarılmadığını vurğulayıb.
Məhkəmədə Tənzilə Kərimova, zərərçəkənə 61 min manat pulu necə çıxardığını soruşub. Həcər Baxışova həmin pulu bank kartından çıxararaq qrup iştirakçılarına payladığını söyləyib. Hakim, bu pullarla bağlı hesabat tələb edib.
Digər zərərçəkmiş Aygün Fərəcova isə sinif yoldaşı vasitəsilə bu şəbəkəyə qoşulduğunu və əvvəlcə vəd edilən pulu qazandığını, lakin sonradan heç bir qazanc əldə edə bilmədiyini bildirib. O, cəlb etdiyi şəxslər vasitəsilə əlavə gəlir əldə etdiyini, lakin sonuncu qrupda 3 450 manat pulunun qaytarılmadığını qeyd edib.
Hakim, Fərəcovaya dəvət etdiyi şəxslərlə bağlı suallar ünvanlayıb. O, Tənzilə Kərimovanın öz adına adamlar dəvət etməsini və pulu ona göndərərək paylamasını istədiyini açıqlayıb.
Digər zərərçəkmişlərin ifadələri üçün məhkəmə prosesi oktyabrın 16-a təxirə salınıb.
Açar sözlər: onlayn lotereya, dələduzluq, məhkəmə prosesi, zərərçəkmiş, Tənzilə Kərimova.
(055) 436-46-45