İrəvan sakinləri İranla sərhəddən 14 kq narkotik vasitə keçirməyə cəhd göstərərkən saxlanılıb
Ermənistanda hüquq-mühafizə orqanlarının əməkdaşları İranla sərhəddən qaçaqmalçılıq yolu ilə 14 kq-a yaxın narkotik maddə keçirməyə cəhd göstərən iki İrəvan sakinini saxlayıb.
“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsinin məlumatında deyilir.
Məlumata görə, əməliyyatçılar İranla sərhəddə Mehri şəhəri yaxınlığında magistral yolun kənarında dayanmış avtomobildə şərikini gözləyən narkokuryerin izinə düşüblər. Əlbir olduğu adamı görən şəxs yolun kənarından ona narkotik dolu paket atıb. Bundan sonra onların hər ikisi saxlanılaraq həbs edilib.
Bildirilir ki, avtomobilə baxış zamanı içərisində narkotik vasitə olan bağlamalar: 11 kq 680 qram marixuana, 1 kq 150 qram metamfetamin, 510 qram tiryək, 530 qram həşiş, o cümlədən üzərində “Love” və “Audi” yazılmış paketlərdə həblər aşkar edilib.
İlkin araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər narkotik vasitələri sərhəddən qaçaqmalçılıq yolu ilə keçirən İran vətəndaşından (şəxsiyyəti hələ müəyyən edilməyib – red.) alıblar.
(055) 436-46-45