Azərbaycanda indiyə qədər heyvandarlıq sığortası üzrə 2,5 milyon manat ödəniş verilib
Aqrar Sığorta Fondu indiyə qədər heyvandarlıq sığortası üzrə 2,5 milyon manat ödənişi verib.
Bu barədə Fond xəbər verir.
Bildirilir ki, indiyə qədər vəhşi heyvanların hücumu ilə bağlı 20-yə yaxın hadisə qeydə alınıb və ödəniş edilib. Təkcə bu ilin 7 ayında vəhşi heyvanların təsərrüfatlara hücumu ilə bağlı 8 hadisə qeydə alınıb, 8 baş kənd təsərrüfatı heyvanı tələf olub və ona görə, fermerlərə ümumilikdə 37 485 manat ödəniş verilib.
2022-ci ildə heyvandarlıq sığortası üzrə 710 min manat, 2023-cü ildə 910 min manat, 2024-cü ilin ilk 8 ayında isə 770 min manat sığorta ödənişi edilib.
Xatırladaq ki, sığorta risklərinin siyahısına vəhşi heyvanların hücumu da daxildir. Yəni bu hadisədə nəticəsində dəyən zərərə görə də ödəniş nəzərdə tutulub.
Sığorta haqqına isə 50 %-lik dövlət dəstəyi mövcuddur, başqa sözlə, heyvanların sığortası zamanı, hesablanmış sığorta haqqının yarısını dövlət ödəyir, fermer isə sığorta haqqının yalnız 50 faizini ödəyir, nəticədə cüzi ödənişlə təsərrüfatını sığorta edə bilir. Sığorta haqqı heyvanın qiymətinə əsasən hesablanır, sığorta tarifi 5,2-8,2 % arasında dəyişir.
Belə ki, 300 manatlıq qoyun və ya keçinin illik sığortası 8-12 manat, 1000 manatlıq mal-qaranın sığorta haqqı isə 26-41 manat arasındadır. 2000 manatlıq inək üçün sığorta haqqı 52-82 manat arasında dəyişir. Fermer bu məbləği ödəməklə heyvanın 1 il müddətində sığorta əldə edə bilər.
Hadisə baş verərsə, yəni məsələn, vəhşi heyvanların hücumu nəticəsində heyvan tələf olarsa, heyvanın qiymətinin 90 %-i qədər ödəniş edilir. Məsələn 300 manatlıq qoyun tələf olarsa fermerə 270 manat, 2000 manatlıq inək tələf olduqda isə 1800 manat ödəniş edilir.
(055) 436-46-45